01.10.2021

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayır

Oktyabrın 1-dən rayon  ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.

2021-2022-ci tədris ilində Daşkəsən rayon üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 181 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. 

Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.