24.09.2019

"Azkomplektli siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" təlimi uğurla yekunlaşıb

Daşkəsən rayon İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi "Komplekləşdirilmiş siniflərdə yeni təlim metodlarının təkmilləşdirilməsi" layihəsi çərçivəsində TİPİİ-nin təlimçisi tərəfindən keçirilən "Azkomplektli siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" təlimi uğurla yekunlaşıb.

Təlimin sonuncu günündə müəllimlər azkomplektli sinfin idarəedilməsi, sinifdaxili ünsiyyət, maneələr və onların aradan qaldırılması ilə bağlı məlumatlar əldə ediblər və müxtəlif istiqamətli videoçarxlar izləyərək fikir mübadiləsi aparıblar. Eyni zamanda 6 günlük təlimin refleksiyası aparılıb, müəllimlər yazılı şəkildə "Nə öyrəndik?", "Necə öyrəndik?", "Necə tətbiq edəcəyik?", "Hansı suallar açıq qaldı?" kimi sualları cavablandırıblar.

Sonda layihə rəhbəri G.İsmayılov adına tam orta məktəbin Coğrafiya müəllimi Səbinə Qədirova müəllimlərlə yeni tədris ilində keçirilən təlim ilə əlaqədar onlardan gözlənilən nəticələr ilə bağlı müzakirələr apararaq layihənin növbəti aylarda görüləcək işləri haqqında məlumat verib.


Qeyd edək ki, oktyabr ayında TİPİİ tərəfindən təlimin qiymətləndirlməsi aparılacaq.


Açar sözlər: ,  ,