22.02.2018

İlk dərslər Xocalı soyqırımına həsr ediləcək

Daşkəsən Rayon Təhsil Şöbəsinin  tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Daşkəsn Rayon Təhsil Şöbəsinin  müvafiq əmrinə əsasən tədris olunacaq dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açacaqlar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlərdən bəhs edəcəklər.

 


Açar sözlər: ,  ,