05.02.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə  IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Fənn olimpiadaları rayon (şəhər) və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə öz növbəsində yarımfinal və final tur olmaqla iki mərhələdən ibarətdir.

Qeyd edək ki, bu mərhələdə Daşkəsən rayonu üzrə 161 nəfər şagird iştirakı edib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarətdir.

Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir.