03.10.2017

Məktəbəhazırlıq qruplarında məşğələlər başlanılıb

Oktyabrın 2-də Daşkəsən rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. 2017-2018 tədris ilində 182 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq. Rayonun 8 məktəbində 12 məktəbəhazırlıq qrupu fəalliyət göstərəcək.

Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələdən ibarət olacaq. Gün ərzində 3 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn, ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşmasından ibarətdir.

Məşğələlər may ayının 31-də başa çatacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər xüsusi təlimlər keçib və sertifaktlaşdırma imtahanında iştirak ediblər.